Shia.az SonUmidTv media
sitename

Ağlamağın hikməti

Çox zaman həyatın çətin anları bizə güc gəldikdə və onları həll etmək üçün heç bir qüvvəyə malik olmadığımızı hiss etdiyimiz zaman göz yaşlarına pənah aparırıq. Hər kəsə məlum olan bu təbii hiss bütün insanlarda vardır: bəziləri var qüvvəsi ilə özünü boğaraq göz yaşlarını saxlayır, digərləri isə bu təbii nemətdən yararlanaraq hislərini göz yaşları ilə ifadə edirlər.Göz yaşlarının səbəbləri də müxtəlifdir: istəkli bir insanın itirilməsi, maddi ziyana uğramaq, mənəvi sıxıntılar yaşamaq və bu kimi digər səbəblər.Səbəb hər nə olursa olsun, belə hallarda insan batini müvazinətini itirməklə ixtiyarsız olaraq ağlayır və göz yaşları axıdır...Əlbəttə, bu hal insan bədəninə tibbi nöqteyi nəzərdən çox faydalıdır, lakin bu məqalədə ağlamaq və göz yaşlarının insana bəxş etdiyi tibbi faydalar haqqında danışmayacağıq.

Bu məqalənin səbəbi Şəhidlərin ağası İmam Hüseyn (ə)-a ağlamaq və göz yaşlarını axıtmağın şəriət nöqteyi nəzərindən icazəli olması haqqındadır.İslam dininə görə ağlamağın bir neçə növü vardır:

Allah qorxusundan ağlamaq:

Belə ki bu barədə ayə və hədislər mövcuddur.İsra surəsinin 107, 108 və 109-cu ayələrində belə buyurur:" (Müşriklərə) de: «Bu kitaba iman gətirsəniz də, gətirməsəniz də, şübhəsiz, bu kitab(ın nazil olmasın)dan qabaq elm verilmiş kəslər (öz səmavi kitablarından bu kitabın haqq olduğunu bilirlər və) o, onlara oxunan zaman səcdə edərək üzü üstə düşürlər».(107) Və deyirlər: «Pakdır bizim Rəbbimiz! Həqiqətən Rəbbimizin vədi həmişə yerinə yetəndir.» (108) Və (Allahın hüzurunda) ağlayaraq üzü üstə düşürlər və (Qur’anı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır. (109)

Məryəm surəsinin 58-ci ayəsində buyurur:"Bunlar (bu on peyğəmbər və Məryəm) Allahın peyğəmbərlərdən – Adəmin övladlarından, (İdrisdən başqa hamısı Nuhun) Nuh ilə birlikdə gəmiyə mindirdiyimiz (övladlarının nəslindən olan) kəslər(in nəslin)dən, (Bəni-İsrail peyğəmbərləri və Məryəm kimi) İbrahim və İsrailin övladlarından, hidayət etdiyimiz və seçdiyimiz şəxslərdən olan (peyğəmbərlərdən) nemət (peyğəmbərlik, din və səma kitabı) əta etdiyi kəslərdir. Rəhman olan Allahın ayələri (səma kitablarının ayələri və ya Onun tovhid və əzəmət nişanələri) onlara oxunan zaman ağlar və səcdə edən halda üzü üstə düşərdilər.

Əl Münziri özünün "Ət tərğib vət tərhib" kitabında İslam peyğəmbəri (s.ə.s)-dən belə bir rəvayət gətirmişdir:" (Qiyamət günü) iki gözə cəhənnəm odu toxunmaz: biri Allah qorxusundan ağlayan göz, digəri isə gecəni Allah yolunda keşik çəkən göz."[1]

İbn Əbiddünya özünün "Ər riqqə vəl buka" kitabında İslam Peyğəmbəri (s.ə.s)-dən belə rəvayət edir:" Allah üçün ən sevimli damla Onun yolunda tökülmüş qan damlası və bir insanın gecə vaxtı Allah qorxusundan tökdüyü göz yaşıdır." [2]

Bu məqamda bir çox rəvayətlər gətirmək olardı, lakin məqalənin həcmini nəzərə alaraq göstərilən nümunələrlə kifayətlənirik.Göründüyü kimi ayə və hədislər ağlamağın Allah dərgahında nə qədər əhəmiyyətli olmasına işarə edir. Həmin səbəbə görə də Peyğəmbərlər bir çox yerlərdə ağlamış və göz yaşları axıtmışdır.Bir neçə nümunəyə işarə etmək istərdik:

İbn Əbiddünya "Ər riqqə vəl buka" kitabında yazır ki, Adəm peyğəmbər xətasına görə yüz il ağlayaraq göz yaşı axıtdı və bu hadisədən sonra öz rəbbindən həya edərək bir daha başını səmaya tərəf qaldırmadı.

Əbu Nueym əl İsbəhani "Hilyətul övliya" kitabında qeyd etdiyi hədisdə belə deyir:" Nuh peyğəmbərin "Nuh" adlanması onun çoxlu ağlayıb sızıldamasına görədir..."[3]

İbn Əbiddünya "Ər riqqə vəl buka" kitabında yazır:" Əgər Adəm peyğəmbərdən sonra Davud peyğəmbərin ağlaması Yer əhlinin ağlaması ilə ölçülərsə, onda Davud peyğəmbərin ağlaması Yer əhlinin ağlamasına bərabər olar." [4]

Əbu Nueym əl İsbəhani "Hilyətul övliya" kitabında belə yazır:" Yəhya ibn Zəkəriyyanın yanağında (göz yaşlarının təsirindən) iki xətt var idi.Atası Zəkəriyya ona deyir: "Mən Allahdan gözüm onun vücudu ilə fərəhlənsin deyə övlad istəmişdim". Yəhya peyğəmbər atasına cavab verir: "Atacan, Cəbrayıl mənə xəbər verdi ki, Cənnətlə Cəhənnəm arasında bir səhra var və onu yalnız çox ağlayanlar keçə bilər."[5]

İbadət əsnasında ağlamaq:

Belə ki, bir çox hədislərdə namaz qılarkən, Quran tilavət edən zaman və dua edərkən ağlamaq və göz yaşı tökmək tövsiyə olunmuşdur.

İnsanın saleh bəndələr, şəhidlər, möminlər və öz əzizləri üçün ağlaması:

Bu növ ağlamağa gəlincə isə onu digər növlərdən ayırmaq heç də düzgün olmazdı.Lakin bəziləri Peyğəmbərin(s) söyləyib-söyləmədiyi sabit olmayan sözlərə və yaxud mənasını harama yozduqları hədislərə istinad edərək bu cür ağlamağı haram etmişlər. Biz də bəhsimizi əsas etibari ilə möminlərin öz ölülərinə ağlamağının icazəli bir iş olmasının sübut edilməsi istiqamətində aparacağıq.Əlbəttə, bu məsələni sübut etmək üçün İslam Peyğəmbəri (s.ə.s)-in həyatı, onun səhabələrinin adət-ənənəsi, Əhli-Beyt imamlarının hədisləri və Quran ayələrini dəlil gətirəcəyik.İlk növbədə ağlamağın haram olması zənninin mənşəyini araşdıraq.

Tarixi sənədlərdən belə məlum olur ki, bu haramın ilk raviləri ikinci xəlifə Ömər və onun oğlu Abdullah olmuşdur.Onlar peyğəmbərdən rəvayət etmişlər ki, O həzrət(s) belə buyurmuşdur:" Ölən şəxs əhlinin ona ağlamasına görə(qəbrdə) əzab çəkir." Bu hədis müxtəlif forma və kəlmələrlə rəvayət olunmuşdur.Lakin müxtəlif forma və kəlmələrlə rəvayət edilməsinə baxmayaraq bu hədis açıq-aşkar şəkildə Quran ayəsi, Peyğəmbər(s) və onun əhli beytindən gələn hədislərlə ziddiyyət təşkil etməkdədir.Hətta Peyğəmbərin(s) zövcəsi Aişə xanım da bu hədisi eşidən zaman öz etirazını bildirmişdi .İbn Əsir "Camiul usul min əhadisir rəsul" kitabında Übeydullah ibn əbi Muleykədən rəvayət edir ki, bir gün Osman ibn Əffanın qızı vəfat edir.Biz orada idik.Abdullah ibn Ömər və İbn Abbas da gəldi.Mən (ravi-yəni:rəvayəti nəql edən) onların arasında oturmuşdum.Abdullah ibn Ömər qarşısında əyləşən Əmr ibn Osmana dedi ki, nə üçün camaatı ağlamaqdan çəkindirmirsən? Çünki peyğəmbər(s) buyurmuşdu ki, ölən şəxs əhlinin ona ağladığı üçün cəzalanır.

İbn Abbas dedi ki, bəli, Ömər də bu sözü deyirmiş.Sonra bir əhvalat danışdı: bir gün Ömərlə birlikdə Məkkədən xaric olub Beyda adlanan bir yerə çatdıq.Birdən bir ağacın kölgəsi altında atlılar gördük.Ömər mənə dedi ki, get, onların kim olduğunu öyrən.Mən getdim və orada Suheybi gördüm.Bu barədə Ömərə xəbər verdim.Ömər onu öz yanına çağırmağı əmr etdi.Qayıdıb onu Ömərin yanına çağırdım.(Bu hadisədən bir müddət sonra Ömər bıçaq zərbələrindən yaralandığı zaman) Suheyb ağlaya-ağlaya gəlib belə deyirdi:" Ah olsun, qardaşcan! Ah olsun səhabəyə!" Ömər (onu bu halda gördükdə) dedi:" Ey Suheyb, mənim üçün ağlayırsan? Bir halda ki, Peyğəmbər buyurmuşdur:" Həqiqətən, ölən şəxs öz əhlinin ona ağlamasına görə cəzalanar." İbn Abbas (sözünə davam edərək) dedi ki, Ömər öləndən sonra bu əhvalatı Aişəyə danışdım. O isə cavabında belə dedi:" Allah Ömərə rəhmət etsin.And olsun Allaha ki, Peyğəmbər elə bir söz deməyib, lakin belə buyurmuşdu ki, kafir öz əhlinin ona ağladığı üçün cəzalanar." Aişə (əlavə edərək) dedi ki, Quran sizə kifayətdir:" Günah yükü ilə yüklənmiş heç kəs digərinin günah yükünü götürməz (heç kəs dünyada başqasının işinə görə cəzalanmaz və axirətdə də onun cəzasını çəkməyə məruz qalmaz)..."[6]İbn Abbas dedi:" Allah güldürən və ağladandır." (Ravi) İbn Əbi Muleykə dedi:" Abdullah ibn Ömər bir kəlmə belə danışmadı." [7]

İbn Əsir bu hədisin sonunda qeyd edir ki, bu rəvayəti Buxari və Müslüm də öz səhihlərində yazmışlar.Müslümün "Səhih"ində gələn bu rəvayət "Əlməyyit yuəzzəbu bibukai əhlihi əleyhi" babında 2192 və 2193 saylı hədislərdir.

Bir sözlə, bu hədis əhli sünnə təriqətinin bir çox kitablarında azacıq dəyişikliklə öz əksini tapmışdır.

Əbu Hureyrədən olan digər bir rəvayətdə isə belə deyilir:" Bir gün Peyğəmbər(s) əhli beytindən bir nəfər dünyasını dəyişdi. Qadınlar toplaşıb ona ağladığı zaman Ömər bu işə mane olaraq onları qovdu.Peyğəmbər(s) buyurdu:" Ey Ömər, onlarla işin olmasın, gözlər yaşlı, qəlblər dərdli və zaman da yaxındır."[8]Bu rəvayət Nəsainin "Sünən", İbn Hibbanın "Səhih", Beyhəqinin "Sünən", İbn Macənin "Sünən"ində və digər kitablarda da gəlmişdir.

Sadaladığımız hədisləri və ya eyni məzmunda olan digər hədisləri nəzərə alsaq belə məlum olur ki, Peyğəmbər (s.ə.s) heç də ağlamaq və göz yaşları axıtmağı haram etməmiş, hətta onun təbii olmasını səbəb göstərərək icazəli olmasını buyurmuşdur.İbn Əbi Muleykənin hədisində isə hətta Aişə bu qadağanın (ağlamağın haram olmasını) Quran ayəsi ilə ziddiyyət təşkil etdiyini də vurğulamışdır! Aişənin qadın olmasına baxmayaraq, sanki belə hallarda Abdullah ibn Ömər kimi özlərini hədis söyləyən və alim bilən səhabələrə -"Quran sizə kifayətdir"- deyərək dərs keçirmiş.Yəni əgər hər hansı bir hədisi eşitdiyimiz zaman onun düzgünlüyündə şəkk etsək həmin rəvayəti Quranla tutuşdurmaq lazımdır vəəgər Qurana uyğun gələrsə ona inanıb əməl etməli, əksinə zidd olduğu təqdirdə isə rədd etməli və bir kənara atmalıyıq!

İslam Peyğəmbəri (s.ə.s)-in Uhud döyüşündə şəhid olan əmisi Həmzəninarxasınca ağlaması,yaxın və əziz insanlar üçün ağlamağın icazəli olmasına digər bir dəlil ola bilər.Belə ki, İbn Səd "Ət təbəqat əl kubra" kitabında belə rəvayət edir:" Peyğəmbər (Uhud döyüşündən sonra) Bəni əbd əl Əşhəl xanımlarının öz ölülərinə ağlamasını eşidən zaman(təəssüflə) buyurur:" Lakin Həmzə üçün ağlayan biri yoxdur!" Səd ibn Məaz bu sözləri eşidir və Bəni əbd əl əşhəl xanımlarını Peyğəmbərin(s) qapısına gətirir və onlar Həmzəyə ağlayırlar.Peyğəmbər(s) bunu eşidib qadınlara dua edir və onları (evlərinə) göndərir.Bu hadisədən sonra Ənsar xanımlarından hər biri öz ölüsünə ağlamazdan əvvəl Həmzəyə ağlayardı " [9]

Peyğəmbərin(s) Həmzə üçün də göz yaşı axıdılmasını istəməsi və sonradan gəlib Həmzəyə matəm saxlayan xanımlara dua etməsi açıq-aşkar şəkildə bu işin icazəli olmasına möhkəm bir dəlildir.Ümumiyyətlə, peyğəmbərin şəhidlərə və öz oğlu İbrahimə göz yaşı axıtması tarixin sətirlərinə qara hərflərlə həkk olunmuşdur.

Hakim Nisaburi "Müstədrək" kitabında belə rəvayət edir:" (bir gün) Ummul Fəzl bint əl Haris Peyğəmbərin(s) yanına daxil olub deyir: " Ey Allahın elçisi, bu gecə pis bir yuxu görmüşəm.” Peyğəmbər(s) soruşur:" O nə yuxudur ki görmüsən?” Ummul Fəzl deyir: "Yuxum ağır yuxu idi”.Peyğəmbər (yenə də ) soruşur: "Nə yuxudur o?”. Ummul Fəzl deyir:" Gördüm ki, sənin bədənindən bir parça ayrılıb mənim qucağıma qoyuldu. Peyğəmbər(s) buyurdu: "Yaxşı yuxu görmüsən. İnşaallah Fatimə(s.ə) bir oğlan uşağı dünyaya gətirəcək və o, sənin qucağında olacaq. Fatimə(s.ə) Hüseyni(ə) dünyaya gətirdikdən sonra, uşaq Peyğəmbərin(s) dediyi kimi mənim qucağımda böyüdü. Bir gün Peyğəmbərin(s) hüzuruna daxil oldum və Hüseyni(ə) onun qucağına qoydum. Birdən mənim gözüm Peyğəmbərin(s) gözlərindən axan yaşlara düşdü. Dedim: "Ey Allahın Peyğəmbəri, anam və atam sənə qurban olsun?!” Peyğəmbər(s) buyurdu: "Cəbrayıl yanıma gəlib xəbər verdi ki, mənim ümmətim bu oğlumu öldürəcək. (Ummul Fəzl) dedi: "Bunu?!(yəni bu uşağı öldürəcəklər?)” Peyğəmbər(s) buyurdu: "Bəli, (Cəbrayıl) mənə onun qırmızı türbətindən bir qədər gətirdi”. [10]

 

Buna bənzər digər rəvayətləri də xatırlatmaq olardı. Lakin bizim məqalənin həcminə sığışmayacaq deyə onları gətirmədik. Ağlamaq və göz yaşı axıtmaq Peyğəmbərin(s)zamanında meydana çıxmamışdır, əksinə bu təbii hal və hadisə ən qədim tarixin dərinliklərinə qədər uzanmaqdadır. Belə ki bir çox peyğəmbərlərin müxtəlif məqamlarda ağlayıb göz yaşı axıtmaları tarixin yaddaşında həkk olunmuşdur. Allah təala Qurani Kərimdə Yusif surəsinin 84-cü ayəsində belə buyurur: " Və onlardan üz döndərib dedi: «Heyif Yusufdan!» Və qəm-qüssədən (qəm-qüssənin çoxluğundan) onun hər iki gözünə ağ gəldi və onu daim qüssə boğurdu."

Yaqub peyğəmbər oğlu Yusifə o qədər ağlamışdı ki, oğlanları ona etiraz edərək belə deyirdilər: " (Oğlanları) dedilər: «And olsun Allaha, sən Yusufu o qədər xatırlayırsan ki, axırda ölüm yatağına düşəcək və ya həlak olacaqsan."

Əhli sünnə alimi Zəməxşəri bu ayələrin təfsirində belə yazır: "Göz yaşları çoxaldıqca göz bəbəyinin qarasını aradan apararaq onu ağ rəngə boyamışdı”. Bəziləri isə onun (Yaqub peyğəmbərin) gözlərinin kor olmasınıda demişdir..." İslam Peyğəmbərindən rəvayət olunur ki, o Cəbrayıldan soruşur: "Yaqubun Yusifə ağlmasının miqdarı nə qədər idi?” Cəbrayıl cavab verir: yetmiş matəm saxlayan qadının ağlaması miqdarında. (Peyğəmbər soruşur): Onun savabı nə qədər idi? (Cəbrayıl cavab verdi): Savabı yüz şəhidin savabı qədərdir. Bir an olsun belə (Yaqub) Allaha bəd güman etməmişdi."[11]

İslam tarixində Əhli beyt imamlarının da ağladığı və öz şiələrini şəriət çərçivəsində ağlamağa təşviq etdikləri qeyd olunmaqdadır. Buna misal olaraq bir neçə rəvayəti qeyd edirik:

1) Şeyx Tusinin "Əmali" kitabında İbn Abbasdan nəql olunur ki, Peyğəmbər(s) vəfat məqamında olan zaman saqqalı göz yaşlarından islanana qədər ağladı.Peyğəmbərdən(s) soruşdular: Ey Allahın elçisi, səni ağladan nədir? Buyurdu: Zürriyyəmə (əhli beytimə) və ümmətimdən olacaq pis insanlarının onlara edəcəklərinə görə ağlayıram.Sanki Fatiməyə məndən sonra necə zülm olunduğunu indidən görürəm.Məni səsləyib nida edir: "Atacan! Atacan!” Lakin ümmətimdən heç kim ona yardım etmir.Həzrəti Fatimə(s.ə) bu sözləri eşidib ağladı.Peyğəmbər(s) ona dedi: Ağlama, mənim əziz qızım.Həzrəti Fatimə(s.ə) dedi: Məni ağladan səndən sonra qarşılaşacağım zülmlər deyil. Mən sənin ayrılığına ağlayıram, ey Allahın elçisi! Peyğəmbər(s) buyurdu: Müjdə olsun, ey Muhəmmədin qızı sən mənə ilk yetişənlərdən olacaqsan.Həqiqətən, sən əhli beytimdən mənə qovuşacaq ilk şəxssən."[12]

2) Əllamə Məclisinin "Biharul ənvar" kitabında Süveyr ibn əbi Faxitə İmam Əli ibn Hüseynin(ə) bir Qüreyşli kişiyə Adəmin oğlanlarının əhvalatı barədə danışdığını eşidir.İmam(ə) sözünün sonunda belə buyurur:"... Adəm qırx gecə-gündüz oğlu Habilə ağladı..." [13]

3) Əllamə Hillinin "Vəsailuş şiə" kitabında İmam Sadiq (ə)-dan nəql olunur ki, O Həzrət belə buyurmuşdur:"...İmam Əli ibn Hüseyn atası Hüseyn ibn Əliyə (Allahın salamı onlara olsun) iyirmi və ya qırx il ağlamışdır.Hər zaman qarşısına təam qoyulduqda Hüseynə ağlardı.Xadimlərindən biri ona dedi: Sənə qurban olum, ey Allah elçisinin balası, bu halın səni həlak edəcəyindən qorxuram! Həzrət bu ayəni tilavət etdi:" Dedi: «Mən öz ağır kədər və qüssəmdən (sizə deyil) yalnız Allaha şikayət edirəm və Allah tərəfindən sizin bilmədiyiniz bir şey (Yusufun diri olmasını) bilirəm." (və imam(ə) əlavə etdi) Fatimə balalarının qətlini xatırladığım hər zaman göz yaşları məni boğur!" [14]

Məqaləni diqqətlə oxuduqdan sonra belə bir nəticə almaq olar ki, insanın öz əzizi üçün ağlaması və ya göz yaşı axıtması təbii hiss olduğu üçün şəriət nöqteyi nəzərindən də icazəli hesab edilir.Əlbəttə, dünyasını dəyişən insanın mövqeyi, kamalı, məqamı hər nə qədər uca və qətlə yetirildiyi şərait hər nə qədər dəhşətli olarsa ona olan hüzn də daha şiddətli olacaq.Lakin bu hüzn, ağlamaq və göz yaşları insanı Allahın itaətindən sapdırmamalıdır. Peyğəmbərlər(s) və onların əzizləri üçün ağlayıb göz yaşı axıtmaqsa bizə tövsiyə olunmuş və iman əlaməti hesab edilən əməllərdəndir.

 

Müəllif: Hacı Heydər Məmmədov

 



[1] 1918 - عن ابن عباس رضي الله عنهما قال سمعت رسول الله صلى الله عليه و سلم يقول عينان لا تمسهما النار عين بكت من خشية الله وعين باتت تحرس في سبيل الله

[2]6 - وحدثني محمد بن الحسين ، قال : حدثنا زكريا بن عدي ، عن علي بن فضيل ، عن العلاء بن المسيب ، عن الحسن البصري ، قال : قال رسول الله صلى الله عليه وسلم : « ما من قطرة أحب إلى الله من قطرة من دم في سبيل الله ، وقطرة دموع قطرت من عين رجل في جوف الليل من خشية الله »

[3]حدثنا محمد بن أحمد، قال: حدثنا الحسن بن محمد، قال: حدثنا أبو زرعة، قال: حدثنا عبد الله بن محمد الجعفي، قال: حدثني أبو غسان الليثي، قال: حدثنا مسلم أبو عبد الله، عن يزيد الرقاشي، قال: إنما سمي نوح عليه السلام نوحاً لطول ما ناح على نفسه

[4]334 - حدثنا إسحاق ، حدثنا سفيان ، عن مسعر ، عمن حدثه ، عن ابن سابط ، قال : « لو عدل بكاء داود ببكاء أهل الأرض بعد آدم ، لعدل بكاء داود صلى الله عليه وسلم ببكاء أهل الأرض »

[5]حدثنا عبدالله بن محمد ثنا أحمد حدثني سعيد بن شرحبيل الكناني ثنا سعيد بن عطار عن وهيب قال كان ليحيى بن زكريا عليهما السلام خطان في خديه من البكاء فقال له أبوه زكريا عليهما السلام إني إنما سألت الله عز و جل ولدا تقر به عيني فقال يا أبت إن جبريل عليه السلام أخبرني أن بين الجنة والنار مفازة لا يقطعها الا كل بكاء

[6] Fatir surəsi, 18-ci ayə

[7]8563- (خ م س) ابن أبي مليكة قال : « توفيَتْ بنت لعثمانَ بنِ عفانَ بمكةَ ، فجئنا نشهدُها ، وحضرها ابنُ عمر وابنُ عباس ، فإني لجالس بينهما ، فقال عبد الله بنُ عمر لعمرو بن عثمان - وهو مواجهه - ألا تَنْهى عن البكاء ، فإن رسولَ الله -صلى الله عليه وسلم- قال : إن الميِّتَ ليعذَّبُ ببكاءِ أهلهِ عليه ؟ فقال ابنُ عباس : قد كان عمرُ يقول بعضَ ذلك ، ثم حدَّث ، فقال : صدرتُ مع عمر من مكة ، حتى إذا كنَّا بالبَيداءِ ، فإذا هو بِرَكْب تحت ظِلِّ شجرة ، فقال : اذهب فانظر مَن هؤلاء الركب ؟ فنظرت ، فإذا [ هو ] صُهيب ، قال : فأخبرتُه ، فقال : ادعُه ، فرجعتُ إلى صهيب ، فقلت : ارتحل ، فالحق بأمير المؤمنين ، فلما أن أصيب [ عمر ] دخل صهيب يبكي ، يقول : واأخاه ، واصاحباه ، فقال عمر : يا صهيب ، أتبكي عَليَّ وقد قال رسولُ الله -صلى الله عليه وسلم- : إن الميِتَ ليعذَّبُ ببعضِ بكاءِ أهله عليه ؟ فقال ابنُ عباس : فلما مات عمر ذكرتُ ذلك لعائشة: فقالت : يرحم الله عمر ، لا واللَّه ما حدَّثَ رسولُ الله -صلى الله عليه وسلم- : إنَّ الميتَ يعذَّب ببكاء أهله عليه، ولكن قال : إن الله يزيد الكافر ببكاء أهله عليه ، وقالت عائشة : حَسْبُكم القرآن { ولا تَزِرُ وازرة وِزْر أخرى } قال ابن عباس عند ذلك : واللَّهُ أَضحَكَ وأبكى ، قال ابن أبي مليكة : فما قال ابن عمر شيئا » أخرجه البخاري ومسلم.

[8]1870 - أَخْبَرَنَا عَلِىُّ بْنُ حُجْرٍ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ - هُوَ ابْنُ جَعْفَرٍ - عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ حَلْحَلَةَ عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ عَطَاءٍ أَنَّ سَلَمَةَ بْنَ الأَزْرَقِ قَالَ سَمِعْتُ أَبَا هُرَيْرَةَ قَالَ مَاتَ مَيِّتٌ مِنْ آلِ رَسُولِ اللَّهِ -صلى الله عليه وسلم- فَاجْتَمَعَ النِّسَاءُ يَبْكِينَ عَلَيْهِ فَقَامَ عُمَرُ يَنْهَاهُنَّ وَيَطْرُدُهُنَّ فَقَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « دَعْهُنَّ يَا عُمَرُ فَإِنَّ الْعَيْنَ دَامِعَةٌ وَالْقَلْبَ مُصَابٌ وَالْعَهْدَ قَرِيبٌ ».

...[9]سمع رسول الله، صلى الله عليه وسلم، البكاء في بني عبد الأشهل على قتلاهم، فقال رسول الله، صلى الله عليه وسلم: لكن حمزة لا بواكي له فسمع ذلك سعد بن معاذ فرجع إلى نساء بني عبد الأشهم فساقهن إلى باب رسول الله، صلى الله عليه وسلم، فبكين على حمزة، فسمع ذلك رسول الله، صلى الله عليه وسلم، فدعا لهن وردهن، فلم تبك امرأة من الأنصار بعد ذلك إلى اليوم على ميت إلا بدأت بالبكاء على حمزة ثم بكت على ميتها.

[10]4805 - أخبرنا أبو عبد الله محمد بن علي الجوهري ببغداد ، ثنا أبو الأحوص محمد بن الهيثم القاضي ، ثنا محمد بن مصعب ، ثنا الأوزاعي ، عن أبي عمار شداد بن عبد الله ، عن أم الفضل بنت الحارث ، أنها دخلت على رسول الله صلى الله عليه وسلم فقالت : يا رسول الله ، إني رأيت حلما منكرا الليلة ، قال : « ما هو ؟ » قالت : إنه شديد ، قال : « ما هو ؟ » قالت : رأيت كأن قطعة من جسدك قطعت ووضعت في حجري ، فقال رسول الله صلى الله عليه وسلم : « رأيت خيرا ، تلد فاطمة إن شاء الله غلاما ، فيكون في حجرك » فولدت فاطمة الحسين فكان في حجري كما قال رسول الله صلى الله عليه وسلم ، فدخلت يوما إلى رسول الله صلى الله عليه وسلم فوضعته في حجره ، ثم حانت مني التفاتة ، فإذا عينا رسول الله صلى الله عليه وسلم تهريقان من الدموع ، قالت : فقلت : يا نبي الله ، بأبي أنت وأمي ما لك ؟ قال : « أتاني جبريل عليه الصلاة والسلام ، فأخبرني أن أمتي ستقتل ابني هذا » فقلت : هذا ؟ فقال : « نعم ، وأتاني بتربة من تربته حمراء » « هذا حديث صحيح على شرط الشيخين ، ولم يخرجاه »

[11] Zəməxşəri, Yusif surəsinin 84-cü ayəsinin təfsiri

[12]عن عبد الله بن العباس، قال لما حضرت رسول الله )صلى الله عليه و آله( الوفاة بكى حتى بلت دموعه لحيته، فقيل له يا رسول الله، ما يبكيك فقال أبكي لذريتي، و ما تصنع بهم شرار أمتي من بعدي، كأني بفاطمة ابنتي و قد ظلمت بعدي و هي تنادي يا أبتاه، يا أبتاه فلا يعينها أحد من أمتي. فسمعت ذلك فاطمة )عليها السلام( فبكت، فقال لها رسول الله )صلى الله عليه و آله( لا تبكين. يا بنية. فقالت لست أبكي لما يصنع بي من بعدك و لكن أبكي لفراقك، يا رسول الله. فقال لها أبشري يا بنت محمد بسرعة اللحاق بي، فإنك أول من يلحق بي من أهل بيتي.

[13] Əllamə Məclisi, Biharul ənvar kitabı, cild 11, səh, 230

[14]...علي بن الحسين ( عليه السلام ) فبكى على الحسين ( عليه السلام ) عشرين سنة أو أربعين سنة ، ما وضع بين يديه طعام إلا بكى حتى قال له مولى له : جعلت فداك ، إني أخاف عليك أن تكون من الهالكين ، قال : « إنما أشكو بثي وحزني إلى الله ، وأعلم من الله مالا تعلمون » إني لم أذكر مصرع بني فاطمة إلا خنقتني لذلك عبرة .

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))