Shia.az SonUmidTv media
sitename

Giriş sözü

İslam tarixçiləri və hədis alimləri tərəfindən kifayət qədər diqqət yetirilən bir səhabə- Əbu Hurəyrə... Künyəsi ilə tanınıb məşhurlaşmış bu insan kimdir? Yəmən əsilli olduğu yazılır, bəs görəsən, adı nədir bu tarixi şəxsiyyətin? Hicrətin yeddinci ilində cərəyan etmiş Xeybər müharibəsi zamanı islama gəlmiş və əziz Allah rəsulu (s) ilə yalnız üç il birlikdə olmuş bu insan, necə olur ki, fəzilətləri dillər əzbəri olmuş bir çox üstün səhabələri və ümumiyyətlə, Peyğəmbərin (s) bütün əshabını hədis nəql etməkdə geridə qoyur? Əsli və soyu dəqiq bilinməyən, öncələri yəhudi olan, yazıb-oxumağı bacarmayan, islama üz gətirdiyi zaman bir qarın yeməyə möhtac olsa da ömrünün sonunu Peyğəmbər şəhərində rəsmi vali və bir əmir kimi keçirtmiş və hər bir düşüncəli təhqiqatçı üçün həyatı şübhəli qaranlıqlarla dolu bu səhabə, necə olur ki, hədis elmində istinad edilən ən əsas bir raviyə çevrilir?

Əlinizdə olan bu kitabça sizə elmi-tarixi məlumatları verməklə yanaşı düşündürmək və həqiqətləri olduğu kimi göstərmək üçün çoxlu suallarla da dolu olacaqdır. Sual düşüncənin və marağın ən əsas göstəricisidir. Məhz elə bu baxımdan da bütün səhabələri ədalətli hesab edən bir qrup müsəlman alimləri Peyğəmbər əshabı barədə verilməli olan suallara hüdud müəyyənləşdirmiş və bu hüdudlardan kənar suallar verməyi qəti surətdə qadağan etmişdilər. Sözügedən qadağaya riayət edən bir çox müsəlman qardaşlarımız hal-hazırda da mövcuddur. Bizim əqidəmizcə isə belə bir qadağanın nə dini bir əsası var, nə də əqli. Əksinə, müqəddəs Qurani-kərim bizləri xəbərinə istinad edəcəyimiz şəxsin kimliyini şübhəli olduğu halda onu araşdırmağa çağırır* (Hucurat surəsi 6). Sağlam ağıl da hökm edir ki, barəsində böyük şəxsiyyətlər tərəfindən şübhələr irəli sürülmüş və bəzilərinin də qəti şəkildə yalançılıqda ittiham etdiyi bir insanın həyatını araşdırmaq labüddür. Xüsusən, həmin insan ikinci əsas dini mənbə olan hədis elmində əvəzolunmaz və bir nömrəli şəxsiyyət kimi göstərilirsə, artıq bu araşdırmanın lüzumunu sübut etməyə ehtiyac qalmır. Elə isə biz də araşdırmağa və təhqiqata kifayət qədər müsəlman aliminin hədis nəql etməkdə etimad göstərdiyi Əbu Hureyrənin barəsində ümumi məlumat verməklə başlayırıq. Sonradan isə gətirdiyimiz bütün məlumatların tarixi sənədlərini bircə-bircə əhli-sunnə qardaşlarımızın əzəmətlə yad etdiyi alimlərin kitablarından göstərəcəyik və istinad etdiyimiz dəlilləri daha dərin səviyyədə təhqiqə qoyacağıq. Uca Allah hidayət və rəhmətini bizdən əsirgəməsin.

 

Əbu Hureyrə haqqında ümumi məlumat:

Əsl adı hamı üçün naməlum olan Əbu Hureyrənin islamı qəbul etdikdən sonrakı isminin Abdullah ibn Saxr olduğu bildirilir. Lakin, bu adı belə ona ehtimalən nisbət verilmiş 30-a yaxın addan biridir. Künyəsinin "əbu hureyrə” olmasının səbəbi isə pişiklərə olan məhəbbət və qayğısıdır. Hələ müsəlman olmamışdan öncə atası ona həmin künyəni vermişdir. Onun əslən yəmənli olduğu və "Dus” qəbiləsinə mənsubluğu tarixi faktlardan bizə məlumdur. Hicrətin 7-ci ilinə kimi yəhudi olmuş və o vaxta qədər nələr yaşadığını yalnız özü məlumat verdiyi qədər tarixçilər qeyd ediblər. Xeybər qəzvəsi zamanında müsəlmanlara qoşulmuşdu. Aclıq və səfalət içərisində olduğuna görə əshabi-siffədən biri kimi Mədinədə həyat sürməyə başladı. Özünün də dediyinə əsasən, bir qarın yemək üçün Peyğəmbərin (s) yanında dolaşardı. Çox vaxt ac olduğu üçün səhabələrin keçdikləri yolun kənarında oturar, özünü qəşş etmiş və halsız kimi göstərərmiş ki, bir nəfərin yazığı gəlib onu evinə aparsın və çörək versin. Hətta, bunu da özü bildirib ki, Ğəzvan adlı bir səhabənin qızına yaşamını davam etdirməkdən ötrü ehtiyac duyduğu bir qarın yemək üçün nökərlik edirmiş. Lakin, çox qəribədir və hər bir tarixi təhqiqatçı üçün çox maraqlıdır ki, sonradan başına "taleh quşu” qonmuş Əbu Hureyrə o qədər varlanır və onun maddi imkanları o həddə çatır ki, bir zamanlar nökərçilik etdiyi xanımı (binti Ğəzvanı) öz nigahına keçirdir. Artıq o vaxt Əbu Hureyrənin dərdi qarnını doyurmaq və bir tikə çörək tapmaq deyildi. O artıq bir vali və əmir idi. Bundan qabaq isə Müaviyənin ziyafət süfrəsinin dadlı yeməyi olan "məziri” xoşlamaqda ad çıxarmışdı və elə bu üzdən də ona "şeyxul-məzira” deyənlər də olub. Bəs görəsən, necə oldu ki, Mədinəyə ac, çılpaq və fəqir kimi gəlib əshabi-siffəyə qoşulmuş bir insan neçə illər sonra həmin şəhərə sanki oranın yiyəsi kimi qayıtdı? Görəsən, rəsmi valilik vəzifəsini ona lütf etmiş yüksək dairənin nümayəndələri olan üməyyə oğullarının gözündə Əbu Hureyrəni dəyərli edən nə idi?

Əbu Hureyrə hədis söyləməkdə bütün səhabələri geridə qoymuşdur. Səhabələrə məxsus olan üstünlüklərdən heç birinə sahib deyildir. O nə mühacirdən idi, nə də ənsardan. Cihad və döyüş meydanlarında da heç bir zəhməti olmayıb. Özü etiraf etdiyinə əsasən, yazıb-oxumağı da bacarmırdı. Bütün bunlara baxmayaraq, Əbu Hureyrə mühacir, ənsar, mücahid və barəsində mədhlər söylənmiş bütün səhabələrdən daha çox hədis nəql etmiş və söylədiklərini əziz Peyğəmbərimizə (s) nisbət vermişdir. Əhli-sünnə mənbələrində ondan 5 mindən çox hədis nəql olunmuşdur ki, onların 446-nı məzhəbin böyük hədis alimi Muhəmməd ibn İsmail əl-Buxari öz səhihində qeyd etmişdir. Buxarinin səhihində gələn hədisdə Əbu Hureyrənin dediyinə görə o və Abdullah ibn Əmrdən (yaxud Ömər) daha çox hədis söyləyən olmayıb. Bu iki şəxsin fərqi ondadır ki, ibn Əmr yazmağı bacarırdı, amma, Əbu Hureyrə yazmağı öyrənməmişdi. Diqqət olunası məqam budur ki, əhli-sünnənin bir çox alimləri tərəfindən ən yüksək təriflərlə mədh olunmuş Buxari, Əbu Hureyrənin də özünə bərabər tutub və hətta yazıb-oxuya bilməkdə ondan geriyə qaldığını bildirdiyi Abdullah ibn Əmrdən yalnızca 7 hədis nəql etmişdir. Necə də acınacaqlıdır və necə də təəccübləndirici! Hətta bir anlıq olsa belə insan ağlından keçməməsi mümkün deyildir ki, "Əbu Hureyrə bu qədər hədisi haradan eşitmişdi?”. Dörd raşidi xəlifənin hamısının hədisləri cəm olunduqda belə onun nəql etdiklərinin yarısı qədər də hasil olmur. Besətin əvvəllərindən Hz. Peyğəmbərlə (s) birgə olmuş və hətta oxuyub yazmağı öyrənmişlər də Əbu Hureyrə qədər hədis nəql edə bilməyib. Görəsən niyə və nəyə görə? Çox qəribədir ki, hədis kitablarında Əbu Hureyrənin mədhi haqqında gələn bir neçə hədisin yalnız bir ravisi vardır. Həmin ravidə Əbu Hureyrənin özüdür. Bir şəxsin özü barəsində dediyi təriflərə inanıb onun bütün hədislərinə etimad göstərəcəyikmi? (Diqqət edin).

Əbu Hureyrənin həddən artıq çox hədis nəql etməsinə bir çox səhabə etiraz etmişdi. Hətta, onun Mədinədə vali olduğu dönəmlərdə şəhərin qadınlarının dini və şəri suallarda müraciət yeri olan Aişə xanımla Əbu Hureyrə arasında soyuq münaqişələr olmuşdu. Aişə xanım ona dəfələrlə etiraz edərdi və bəzi hallarda Əbu Hureyrə öz sözünü geriyə belə götürməyə məcbur olmuşdu. Xəlifə Ömər də onu hədis nəqlindən nəhy etmiş və əks halda öz vətəninə (yəni Dusa) sürgün edəcəyini bildirmişdi. Əbu Hureyrə yəhudi kahin Kəbul-əhbardan da çox təsirlənirdi. Ondan eşitdiyi bəzi mətləblərlə Peyğəmbərin (s) hədislərini qarışdırıb səhv salması da məşhur olan bir həqiqətdir. Bəzən bir söz deyib Hz. Peyğəmbərə (s) nisbət verərdi. Dediyi sözün əksi ona isbat edildikdə isə səhvə yol verdiyini etiraf edərmiş. Ya həmin sözü birbaşa Peyğəmbərdən (s) eşitmədiyini, amma, başqa bir səhabədən öyrəndiyini deyərdi. Ya da elə birbaşa və həyasızcasına öz ağlından danışdığını bildirərdi.[1]Bütün bunlar səbəb olmuşdur ki, əhli-sünnə məzhəbinin də böyük hədis və rical alimləri onun haqqında əhli-tədlis olduğunu söyləyiblər. Tədlis- yəni, özü eşitmədiyi hədisi digər səhabədən öyrəndiyi halda onun adını çəkmədən nəql etmək. Təbii ki, həmin əhli-sünnə alimləri tədlisi Əbu Hureyrə üçün problemli bir şey hesab etmirdi. Çünki, onlar əvvəlcədən təəssüb eynəklərini taxmışdı və Əbu Hureyrəni "bərəkətli” üç il yaşamış səhabə kimi tanımışdılar. Lakin, biz məlumatları onların öz kitablarından əxz edərək suallarımızı verməklə yalnız düşünən və nəticəni insaflı şəkildə hasil edən insanlara müraciət edəcəyik.

 

Müəllif: Rza Əliyev

[1] (Növbəti hissələrdə sözlərimizin dəlillərini qeyd edəcəyik).


www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))